2018-ci ilin 5 sentyabrında Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlunu bıçaqlayaraq qətlə yetirən ata və oğlunun məhkəmə prosesi, nəhayət, yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə qətldə təqsirləndirilən 1972-ci il təvəllüdlü Əhəd İsmayılov və 2000-ci il təvəllüdlü Ramil İsmayılova verilmiş cəzaların müddəti kəskin artırılıb.

Belə ki, R.İsmayılovun cəzası 10 il 6 aydan 18 ilə, Ə.İsmayılovun isə 9 ildən 16 il həbs cəzasına dəyişdirilib.

Belə ki, məhkəmə onların təqsirləndirildikləri maddəni dəyişdirib. Apellyasiya Məhkəməsi ata və oğluna Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə verilmiş cəzanı ləğv edib. Onların əməllərində Cinayət Məcəlləsinin 120.2.1-ci (Bir qrup şəxs tərəfindən adam öldürmə) və 29, 120.2.7-ci (İki və daha çox adamı öldürməyə cəhd) maddələrinin tərkibinin olduğu bildirilib və bu maddələrin tələbinə uyğun cəza təyin edilib.

Qeyd edək ki, birinci instansiya məhkəməsində prokuror R.İsmayılovun 20 il, Ə.İsmayılovun isə 19 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi. Lakin həmin vaxt Bakı Ağır Cinayətlər Məhkəməsi ata və oğluna nisbətən yüngül maddə əsasında cəza təyin etmişdi. Daha sonra prokurorluq hökmdən apellyasiya şikayəti versə də, hökm dəyişdirilmədən saxlanılmışdı. Prokurorluğun Ali Məhkəməyə protest təqdim etməsindən sonra iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılıb.

Hadisəyə gəlincə 2018-ci ilin sentyabrında 4-də saat 23 radələrində Sumqayıt şəhərində yerləşən PS-3 salonunda Rafis Həbibov birgə avtomobil satışı ilə məşğul olduğu keçmiş şəriki Ramil İsmayılovla adapter üstündə mübahisə edib. Bu zaman Rasif onu döyüb. Ramil oranı tərk edərək yaşadığı evə gedib və həmin vaxt toydan gələn, sərxoş halda olan atasına hadisə barədə məlumat verib. Oğlunun döyülməsinə kəskin reaksiya verən Əhəd İsmayılov oğlu ilə birgə bıçaq götürərək Rasifi axtarmağa gediblər və gecə saat 00:30 radələrində onu çay evində taparaq məsələni həll etməyə dəvət ediblər. Maşınla gedərkən Rasifin dostu Samir Dadaşov da onlara qoşulub. Sumqayıt şəhəri 21-ci məhəllə adlanan ərazidə maşından düşən şəxslər dava ediblər və ata-oğul 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlunu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən Rasif orada vəfat edib, Samirin isə həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, qətlə yetirilən Rasif Həbibov idmançı olub.(Qafqazinfo.az)

fdfd