"Hazırlıq plan üzrə gedir".

Offsideplus.az xəbər verir ki, bunu sərbəst güləş üzrə yığmamızın baş məşqçisi Xetaq Qazyumov deyib.

Mütəxəssis İslam Oyunlarına hazırlıqla bağlı bunları söyləyib:

"Dünya çempionatından sonra 2 təlim-məşq toplanışı keçdik. Fiziki hazırlıq və gücə dayalı toplanışın ardınca taktiki-texniki çalışmalara üstünlük verdik. Yoxlama görüşləri keçirdik. Milli üzvlərinin hazırlıq səviyyəsini nəzərdən keçirdik. Allaha şükürlər olsun ki, zədəli güləşçilərimiz yoxdur. Azarkeşlərin etimadını doğruldacağımıza inam böyükdür. Təbii ki, idmançı ilboyu pik səviyyədə ola bilməz. Ancaq İslam Oyunları böyük yarışdır. Bu baxımdan xüsusi motivasiyaya ehtiyac yoxdur".

O, əsas rəqibləri də açıqlayıb:

"İdmançılar dincəlib və bərpa prosesi keçib. Eşitdiyimə görə, orada indi çox istidir. Deməli, biz həm də hava şəraitiylə də mübarizə aparmalıyıq. Sözsüz ki, əsas rəqib İran güləşçiləridir. Legionerlərdən təşkil edilmiş Bəhreyn və Albaniya komandalarını, həmçinin Türkiyə millisini də ciddi rəqib görürük. Rəqibləri fərdi qaydada təhlil edirik. Ümid edirik ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, İslamiadada güləş yarışları noyabrın 18-dən 21-nə qədər keçiriləcək.