7–11 yanvar tarixlərində keçirilən güləş üzrə Azərbaycan çempionatına xarici ölkələrdən ən ali kateqoriyalı (I-S) referilər cəlb olunub.

Offsideplus.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimlər yarışın təşkilatçılığı və Azərbaycan güləşinin səviyyəsi barədə təəssüratlarını bölüşüblər:

İqor Liqay (Qazaxıstan): "Azərbaycan çempionatında ikinci dəfədir iştirak edirəm və bu il təşkilatçılığın daha da yüksəldiyini gördüm. Arenada azarkeşlər üçün xüsusi müsabiqələrin keçirilməsi güləşin təbliği baxımından əla addım idi. Həm hakimlik, həm də idmançıların texnikası sevindirici dərəcədə inkişaf edib."

Yerik Jumabekov (Qazaxıstan): "Hər şey möhtəşəm idi. Azərbaycanın qonaqpərvərliyi və yeməkləri bizi çox heyran etdi. Mübarizə səviyyəsinə gəlincə, burada olimpiya çəkilərində yarışan güləşçilər dünya çempionatında da sözlərini deyə biləcək gücdədirlər."

Nima Sadeqi (İran): "Azərbaycan güləş dünyasında böyük gücə malikdir və dünya səviyyəli çempionları ilə tanınır. Bakıda olmaqdan və belə yüksək səviyyəli bir turnirdə çalışmaqdan böyük həyəcan duydum. Paytaxtınız çox gözəl, insanlarınız isə olduqca mehribandır."

Marius Kimpoeru (Rumıniya): "Sonuncu dəfə Bakıda 2009-cu ildə olmuşdum. Ötən illər ərzində çox böyük müsbət dəyişikliklər müşahidə etdim. Mənim üçün çox maraqlı və güclü rəqabətlə dolu bir turnir oldu."

Roman Pavlov (Ukrayna): "Yarışda gənc və təcrübəli hakimlərin birgə fəaliyyəti çox uğurlu alınmışdı. Təşkilatçılıq dünya standartlarına tam cavab verirdi. Xüsusilə dolu tribunalar qarşısında işləmək, azarkeşlərin marağını görmək hakimə əlavə adrenalin və zövq verir."