AFFA-nın İntizam Komitəsi növbəti iclasında klublarla bağlı bir sıra sərt qərarlar qəbul edib.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" həm Azərbaycan Kuboku, həm də ölkə çempionatındakı oyunlara görə cərimələnib. Azərbaycan Kubokunun 1/4 finalında "Şamaxı" ilə cavab qarşılaşmasının 89-cu dəqiqəsində meydana kənar şəxsin daxil olması kluba 2 500 manata başa gəlib. Bundan əlavə, çempionatda "Sabah"la matçda 5 futbolçusunun sarı vərəqə alması və azarkeşlərin kütləvi təhqiramiz ifadələr səsləndirməsi (mövsümdə 4-cü dəfə) nəticəsində klub daha 8 700 manat cərimə olunub.

Komitənin qərarlarına əsasən, digər komandalar da intizamsızlığa görə maliyyə itkisi ilə üzləşib:

"Qəbələ" "Sabah"la görüşdə Adriel Ba Louanın birbaşa qırmızı vərəqə alması səbəbindən klub 1 000 manat cərimələnib, futbolçu isə 2 oyunluq cəzalanıb.

"Sumqayıt"a Nikola Ninkoviçin "Zirə" ilə matçda birbaşa qırmızı vərəqə alması 1 000 manat cərimə və futbolçu üçün 2 oyunluq cəza ilə nəticələnib.

"Turan Tovuz" "İmişli" ilə matçda 4 oyunçusunun sarı vərəqə alması klubun 700 manat ödəməsinə səbəb olub.

"Şamaxı" Azərbaycan Kubokunda "Qarabağ"la görüşdə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat cərimələnib.