AFFA-nın baş katibi Cahangir Fərəcullayev bu gün Latviynın paytaxtı Riqada azərbaycanlı jurnalsitlər üçün brifinq keçirib.
Offsideplus.az saytının Riqaya ezam olunmuş əməkdaşı da bu brifinqdə iştirak edib
- Milli komandamız sabah Latviya ilə yoldaşlıq görüşü keçirəcək. Bu qarşılaşma ilə bağlı nə deyə bilərsinz?
- İlk növbədə komandadan maraqlı, məzmunlu oyun gözləyirik. Yığmamızın qələbə qazanmasını istəyirik. İnanırıq ki, futbolçularımız yaxşı nəticə göstərəcəklər.
- Sizcə, bu təlim-məşq toplanışının sentyabrda başlanacaq dünya çempionatının seçmə mərhələ oyunlarına nə faydası olacaq?
- Sabahkı görüş vacibdir. Latviya və Macarıstana qarşı keçiriləcək yoxlama matçları seçmə mərhələnin ilk iki turunda qarşılaşacağımız İslandiya və Ukrayna ilə oyunlara yaxşı hazırlaşmağımıza zəmin yaradacaq. Düşünürəm ki, bu toplanışın əhəmiyyəti böyükdür. Məşq prosesləri yaxşı əhval-ruhiyyədə keçir Ümid edirik ki, nəticələr qənaətbəxş olacaq.
- Cahangir müəllim, yığmanın baş məşqçisi Fernandu Santuşla şəxsən Latviyaya qarşı oyunla bağlı müzakirələriniz olubmu? Onun sabahkı görüşdən gözləntiləri nədir?
- Təbii ki, bu barədə danışmışıq. O, uşaqlardan yaxşı oyun gözləyir. Həm oyunçu seçimi, həm də taktiki baxımdan yeni gedişlər olacaq. Baş məşqçi və biz komandaya güvənirik.
- Futbolumuzun inkişaf strategiyası ilə bağlı sanki son 1 ayda sakitlikdir. Halbuki AFFA-nın apreldə keçirilən axırıncı Hesabat Konfransında çıxışınız zamanı demişdiniz ki, artıq sabahdan islahatlara başlanılacaq. Strategiya ilə bağlı işlər hazırda nə yerdədir?
- Yaxşı sualdır. Sakitlik deyil. Daxildə işlər gedir. Konfransda da dediyim kimi, işlər kadrlardan, texniki məsələlərdən başlayır. Məsələn, strategiya ilə bağlı İşçi Qrupu yaradılıb. Bu qrupda iki nəfər çalışır. Yeni strategiyaya uyğun rəqəmsal məsələlərə dair əməkdaşımız işə başlayıb. Bir çox məsələlərdə canlanma yaranıb. İnfrastruktur, uşaq futbolu ilə bağlı müzakiələr gedir. Yəni, kənardan sakitlik olması görünür, ancaq federasiya daxilində ciddi işlər aparılır. Və güman ki, yaxın zamanlarda hamımız bunun nəticələrini açıq şəkildə görəcəyik.
- İcraiyyə Komitəsinin son iclasında Tahir Süleymanovun təklifi müzakirə olundu və bu məsələnin icrası katibliyə tapşırıldı. Bildiyimizə görə, Tahir Süleymanov sizinlə görüşüb. Təklif nədən ibarətdr və görüşün nəticəsi necə oldu?
- Tahir müəllimlə görüşdük və o, hansı istiqamətdə işləmək istədiyini bildirdi. Daha bir görüşümüz olacaq. Həmin görüşdə təklifini konkret detallı şəkildə təqdim etməlidir.
- Aktual məsələlərdən biri də stadionla bağlıdır. Premyer Liqada "İmişli" və "Karvan" rəqiblərini hansı stadionda qəbul edəcəklər?
- Bu, əslində çempionatda iştirakçı sayının 10-dan 12-yə artırılmasına görə gözlənilən problem idi. İcraiyyə Komitəsi olaraq bu qərarı verəndə stadion problemi ilə yaşanacağını gözləyirdik. Həm "İmişli", həm də "Karvan" rəhbərliyi ilə danışıqlar gedir. AFFA bütün gücü ilə bu klublara yardım göstərməyə çalışır. Yaxın günlərdə bu məsələnin həllindəki proqresi görəcəyik.
- Əvəzedicilər Liqasının ləğvi ilə bağlı ehtimallar yayılıb. Bununla bağlı müzakirələr aparılıb?
- Belə məsələləri daima müzakirə edirik. Hazırda heç bir konkret qərar yoxdur.
- Uşaq futbolu və strategiya ilə bağlı işlər aparıldığını bildirdiniz. Zəhmət olmasa, bu barədə bir qədər ətraflı məlumat verə bilərsinizmi?
- İnfrastrukturla bağlı ilk addımları hansı istiqamətdə atmalı olduğumuzu müəyyənləşdirməliyik. Söhbət uşaq futbolu ilə bağlı meydançalardan, yeni stadionlardan gedir. Bilirsiniz ki, Bakıda və regionlarda liqa yarışlarını keçirmyə belə lazımi şərait yoxdur. Büdcəni nəzərə alaraq prioritet istiqamətləri seçməliyik. Bu mənada düzgün planlaşdırma çox vacibdir. Bu, birdəfəlik yox, ən azı 4 il davam edəcək layihədir. Uşaq futbolunu infrastruktursuz inkişaf etdirmək zatən mümkün deyil. Amma bu sahədə ciddi məsələlərdən biri də liqalarla bağlıdır. Yeni format üzərində çalışırıq. Eyni zamanda region komandalarının bu işə daha ciddi cəlb olunması nəzərdə tutultub.
- Yaxın vaxtarda İcraiyyə Komitəsinin iclası olacaqmı?
- Əgər fikir vermisinizsə, İcraiyyə Komitəsinin iclası artıq sadəcə müzakirə-qərar deyil, iş icraatı formatında keçirilir. İyunun sonlarında və ya iyulun əvvələrində növbəti iclasın keçirilməsi planlaşdırılıb.