AFFA Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda 3 şikayətə baxılıb.
1. "Neftçi"nin futzalçısı Emin Həsənzadənin barəsində verilən apellyasiya şikayəti təmin edilməsin.
O, aprelin 1-də futzal üzrə Yüksək Liqasında "Şuşa"ya qarşı matçın 34-cü dəqiqəsində təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırılıb. Futzalçının cəzası dəyiişdirilməyib.
2. “Şəfa”nın futbolçusu Ebru Əmirova barəsində verilən apellyasiya şikayəti təmin edilməsin.
Ebru AFFA U-15 Qızlar liqasının 1/4 final mərhələsi çərçivəsində “Ümid”lə (Gəncə) görüşün 36-ci dəqiqəsində rəqib komandanın rəsmi şəxsini təhqir edib. Buna görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılan futbolçu 4 oyunluq diskvalifikasiyaya məruz qalıb. Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını qüvvədə saxlayıb.
3. “Şamaxı” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
Aprelin 22-də AFFA U-15 Liqasında keçirilən "Şamaxı" – "Metak" matçında meydan sahiblərindən adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov "Metak"ın bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib və 500 manat cərimələnib. Üstəlik "Şamaxı"nın növbəti ev oyununu azarkeşsiz keçirməsi barədə qərar verilmişdi. Bütün bu qərarlar ləğv edilib. İşə düzgün hüquqi qiymət verilməsi üçün məsələ AFFA İntizam Komitəsi tərəfindən araşdırılacaq.