Geridə qalan mövsümü II Liqada 3-cü pillədə başa vuran "Şahdağ Qusar"ın yeni "futbol ili" üçün hədəfləri müəyyənləşib.

Bölgə təmsilçisinin kapitanı Rahid Əmirquliyev Offsideplus.az-a açıqlamasında əsas məqsədlərinin çempionluq olduğunu bildirdi:

"Növbəti ildə də planlarımız dəyişmir. Əsas istəyimiz qızıl medalları qazanmaqdır. Əlimizdən gələni edəcəyik. Başlıqca vəzifəmiz çempionluqdur".

Əmirquliyev komandadakı gələcək taleyindən də danışdı:

"Bəli, növbəti mövsümdə də "Şahdağ Qusar"ın formasını geyinəcəm. II Liqa karyerasını bitirməyə yaxın olan oyunçular üçün olduqca uğurludur. Həmin futbolçuların futbol eşqi onları sözügedən liqada oynamağa sövq edib".

İddialara görə, adıçəkilən çempionatda komanda sayı 16 ola bilər. Müsahibim bunun uğurlu addım ola biləcəyini qeyd etdi:

"Komanda sayının artırılması yaxşı olar. Oyun sayının artmağı ilə yanaşı, yeni futbolçular üçün də çıxış etmək şansı yaranar. Bütün bunlar isə Azərbaycan futbolu adına müsbət addın olacaq".