2021/2022 mövsümündə Azərbaycan Premyer Liqasında və avrokuboklarda iştirak üçün müraciət edən bütün komandaların adları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib.
Belə ki, Premyer Liqadakı 8 klubun hamısı UEFA-dan lisenziyanın əldə olunması üçün müraciət ünvanlayıb. Hacıyev I Diviziondan isə 4 klubun əsas liqada oynamaq istəyi ilə sənədlərini təqdim etdiyini bildirib.
I Diviziondakı hər 3 bölgə təmsilçisi - "Kəpəz", "Zaqatala" və "Turan Tovuz" və paytaxt təmsilçisi "Qaradağ Lökbatan" Premyer Liqada iştirak üçün müraciət edib. Yalnız MOİK klubu əsas liqada mübarizə aparmaq istəməyib.
Hacıyev lisenziya istəyən klubların müraciət vaxtının artıq yekunlaşdığını bildirib. Onun sözlərinə görə, müraciət edənlər digər lazımi sənədləri aprelin 10-dək təqdim etməlidirlər: "Onlar sənədlərini müxtəlif vaxtlarda göndərir, biz isə sənədləri yoxlayır, müəyyən düzəlişlər edir, klublara geri qaytarırıq ki, onlar çatışmazlıqları aradan qaldırsınlar. Bu prosedurun bitəcəyi aprelin 10-dan sonra sənədlər daha diqqətlə yoxlanılmağa başlanılacaq. Mayın ortalarınadək isə bütün sənədlərə Lisenziyalaşdırma Komissiyasının iclasında baxılacaq və müvafiq qərar veriləcək. Ötən il bu Komissiyanın iclası koronavirus pandemiyası səbəbindən iyunun 18-də keçirilib. Toplantı ilk dəfə idi ki, belə gec baş tutmuşdu. Bu il problem yaşanmasa, iclasın mayın ortalarınadək gerçəkləşməsi nəzərdə tutulub".
Lisenziyalaşdırma qrupunun rəhbəri həmçinin bildirib ki, bəzən Premyer Liqa üçün müraciət ünvanlamış klubun daha sonra sənədi təqdim etmədiyi hallara da rast gəlinib: "Öz təcrübəmizdə müxtəlif illərdə bir neçə dəfə belə hallar yaşanıb. Hansısa klub əvvəlcədən müraciət edib, lakin sonradan heç bir sənəd təqdim olunmayıb".
"Qaradağ Lökbatan" klubunun icraçı direktoru Bəbir Həsənov açıqlamasında bildirib ki, Lisenziyalaşdırma Qrupuna müraciət etsələr də, hüquqi meyarlara görə problem yaşayırlar: "Düşünmürəm ki, sənədlərimizin hamısı yerli-yerindədir. Aprelin 10-dək hüquqi meyarla bağlı çatışmazlığın aradan qalxacağı real deyil. Problemimiz hüquqi meyarla bağlıdır, bəlkə də həll edilə bilər". (Report)