Istirahətini yanvarın 8-nə qədər başa vurub Bakıya qayıtmalı olan Vild-Donald Gerye Azərbaycana ayın 20-də təşrif buyurdu.

Koronavirus testinə görə ABŞ-da ləngiyən Haiti millisinin üzvü təxminən 10 gün Nyu-Yorkda qalmışdı. Nəhayət, doğru-düzgün test verib təyyarəyə minə bildi.

Offsideplus.az xəbər verir ki, Bakıya yanvarın 20-də qayıdan Gerye əsas komandanın məşqlərinə qatılmır. Səbəb Qurban Qurbanovun əcnəbi futbolçunu cəzalandırmasıdır. Belə ki, ölkəmizə deyilən vaxtdan  2 həftə gec qayıdan Gerye baş məşqçinin göstərişi əsasında əvəzedici komandaya göndərilib. Belədə bir neçə gündür evində oturan futbolçu yalnız bu gün "Qarabağ-2"nin məşqində iştirak edib. "İkincilər"in sıralarında hansı müddətə qədər olacağı bilinmir.

Futbolçuya pul cəriməsinin kəsilib-kəsilməməsi haqda məlumat əldə edə bilmədik. Bu cür gecikmənin qarşılığında, çox güman, hansısa addım atılıb və ya atılacaq.