"Koronavirusu yünügül keçirtdim. Düzdür, 1-2 gün hərarətim oldu, amma digər günləri simptomsuz keçirdim. İki həftə ev şəraitində müalicə aldım. Bu müddətdən sonra verdiyim test neqativ çıxdı. İndi özümü yaxşı hiss edirəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri koronavirusdan yenicə sağalan "Səbail"in kapitanı Rahid Əmirquliyev deyib.
Artıq məşqləri bərpa etdiyini bildirən yarımmüdafiəçi hazırkı vəziyyətdə ölkə çempionatının davam etdirilməli olduğunu qeyd edib:
"Öncə bir tur təxirə salındı. Fasilə çox oldu. Növbəti oyuna qədər isə vaxt var hələ. Bu, bizdən asılı olan məsələ deyildi. Klublarda çox futbolçu bu xəstəliyə yoluxmuşdu. Buna baxmayaraq, məşqləri saxlamamışdıq. Kim sağlam idisə, məşqlərə davam edirdi. Ona görə də oyunların keçirilməsində problem görmürəm. Bu virus tək bizdə yox, dünyada var. Məncə, çempionatın davam etdirilməsi düzgün qərar idi. Biz də davam etməliyik. Heç bir ölkədə çempionat dayandırılmayıb" (Sportinfo).