Futbol meneceri Erkin İbrahimov İctimai Radioda “İdarəetmənin əsasları” verilişinin qonağı olub.

Offsideplus.az xəbər verir ki, Nərmin Aşurzadənin təqdimatında yayımlanan verilişdə Erkin İbrahimov futbol menecerliyi peşəsi ilə yanaşı Azərbaycanda klubların gənc futbolçu yetişdirmək marağının az olmasının səbəblərinə də toxunub: "Bizə gənc futbolçu lazım deyil. Premyer Liqada 8 klub iştirak etdiyindən onların avrokuboklarda iştirak etmək şansı çoxdur. Heç bir klub rəhbəri və məşqçinin futbolçu yetişdirməklə bağlı vaxt limiti yoxdur ki, gənc futbolçu yetişdirmək üçün gələcəyə dair planlar qursun. Qurban Qurbanovu çıxmaq şərtilə bunu deyirəm. Ancaq "Qarabağ"da da reallıq budur ki, onlara oyunçu sabah üçün yox, bu gün üçün lazımdır. Bu bizim bütün klublarımız üçün keçərlidir. Azərbaycan Çexiya, Xorvatiya kimi deyil ki, gənc futbolçulara diqqət yetirilsin. Bizə bu gün üçün hazır futbolçu lazımdır".

E. İbrahimov Balkan futbolçuların menecerlər üçün ucuz və keyfiyyətli olması barədə sualı cavablandırarkən bir neçə amilə diqqət çəkir: "Balkan ölkələrində istənilən ölkəyə uyğun futbolçu tapmaq olur. Onlarda bu işə marketinq kimi yanaşılır. Mən bu ərazilərin futbolçuları ilə işləmək üçün serb dilini öyrənmişəm. İngilis dilində effekt fərqli olur, onlarla öz dillərində danışanda daha yaxşı anlaşmaq olur. Serb dili xorvat, bosniyalı və hətta fərq olsa da şimali makedoniyalı futbolçularla belə rahat ünsiyyət qura bilirsən. Orda hər cür futbolçu tapa bilirsən. Sözsüz ki, ən yaxşıları özləri seçir və "Dinamo Zaqreb", "Partizan", "Cervena Zvezda" kimi klublara cəlb edirlər. Artıq 14-15 yaşlı futbolçular bilirlər ki, kim "Tottenhem"də, kim Rusiyada, kim maksimum Azərbaycanda oynayacaq. Mən daha çox serb futbolçuları təklif edirəm. Çünki onlarda adaptasiya problemi olmur. Harda oynasalar rahat uyğunlaşa bilirlər, Vyetnamda belə rahat oynayırlar. Sloveniyalı futbolçular isə nadir hallarda Azərbaycana gəlirlər".

Menecer Azərbaycanlı futbolçuların legioner həyatına öyrəşə bilməmək səbəbini belə açıqlayır: "Bir sıra faktorlar var. Ən əsası isə mühit dəyişikliyidir deyərdim. İkinci əsas problem isə dil problemidir. Çox dil bilmək dünya görüşünə də, şəxsiyyət kimi fərqli inkişafına da müsbət təsir göstərir. Bizim futbolçular məcbur qalanda dil öyrənirlər. Burda istədikləri pulu ala bilməyəndə, xaricə meyl edirlər. Burda yaxşı işi, şəraiti varsa, xaricdə oynamağa cəhd etmir. Ölkə çempionatında limit olduğuna görə, ən yaxşı yerli futbolçuları klublar satmayacaq. Futbolçu da klubdakı durumundan, gəlirindən razıdırsa, xaricdə oynamaq fikri onu o qədər də cəlb etməyəcək".

Azərbaycan klublarından ən yaxşı transfer edənin "Sumqayıt" olduğunu bildirən İbrahimov bunu klubun prezidenti Riad Rəfiyevlə əlaqələndirib: "Yerli klublar arasında ən yaxşı transfer siyasəti olan "Sumqayıt" klubudur. Ucuz qiymətə yaxşı transferlər edirlər. Klubun prezidenti Riad Rəfiyev əvvəl menecer fəaliyyəti ilə məşğul olub. Az pulu yaxşı futbolçu gətirirlər. Aleksey İsayev, Rəhim Sadıqov, Əmir Ağayev kimi. Bu futbolçular digər klublarımızda 3-4 dəfə daha yüksək maaş alardılar. Buna görə də klubda transfer işini yaxşı bilən, futbolçuları tanıyan mütəxəssisin olmasının faydalı olduğunu düşünürəm".

E. İbrahimov "ən bahalı transferiniz neçəyə başa gəlib?" sualını cavablandırarkən Ruslan Abışovun Kazanın “Rubin” klubuna keçidini xatırlayıb: "Bizdə klublar transfer qiyməti ödəmirlər demək olar. 2003-cü ildə Ruslan Abışovu "Xəzər Lənkəran"dan Rusiyanın "Rubin" klubuna aparanda klub 200 000 dollar ödədi. Ruslana isə illik 500 000 dollar ödənilirdi. Biz Azərbaycanlı futbolçularla işləyirik deyə, o qədər də yüksək məbləğ olmur. Braziliyada, Xorvatiyada doğulmamışıq, olanımız budur". 

 

.