“Sumqayıt”la oyunda hər şeyi düzgün etdiyimizə görə, rahat qələbə qazandıq”.
Bu sözləri offsideplus.az-a açıqlamasında “Qəbələ”nin üzvü Nikolas Raysel deyib.
Fransalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XX turunda 5:0 hesabı ilə qalib gəldikləri “Sumqayıt” matçını dəyərləndirib:
“Oyundan öncə belə rahat qələbə qazanacağımızı desəydilər, inanmazdıq. “Zirə” ilə matçda asan qalibiyyət əldə etməmişdik. “Sumqayıt”la qarşılaşmada isə fərqli oyun nümayiş etdirdik. Verilən bütün tapşırıqları yerinə yetirdik. Bu səbəbdən də hesab bizim istədiyimiz kimi oldu. Qələbə qazanmaq sevindiricidir. 5:0 hesablı qalibiyyət isə daha da qürurlandırıcıdır”.
Raysal Premyer Liqanın 4 oyundan 4 qol vurmasına da münasibət bildirib:
“Qəbələ”yə transfer olunmamışdan öncə 6 ay meydana çıxa bilməmişdim. Bu səbəbdən də hazırda mənim üçün əsas məsələ əsas heyətdə olmaq və komandama kömək etməkdir. Son 4 qarşılaşmada start heyətdində iştirak etmişəm və 4 qol vurmuşam. Bu, mənim üçün çox sevindiricidir. Komandamın qələbələrində pay sahibi olduğum üçün xoşbəxtəm”.
Fransalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında texnikalı futbolçuların çoxluq təşkil etdiyini bildirib:
“Bura gələndə komandaların fiziki baxımından yaxşı olduğunu düşünürdüm. 2-3 qarşılaşmadan sonra fikirlərim dəyişdi. Bütün klubların heyətində 7-8 texnikalı futbolçu var. Bu da mübarizənin keyfiyyətini artırır”.
27 yaşlı futbolçu sabah qarşılaşacaqları “Qarabağ”la oyun haqda da danışıb:
“Bizim üçün bütün rəqiblər eynidir. İndi sonuncu pillədə qərarlaşmışıq. Lakin son 4 sırada olan komandalar arasında xal fərqi çox azdır. Bu səbəbdən də bütün qarşılaşmalarda qələbə qazanmalıyıq. “Qarabağ”la oyun çox çətin olacaq. Lakin onları məğlub etmək imkansız deyil”.