“Milliyə çağrılacağıma həmişə ümidim var. Hər zaman yığmada oynamaq istəmişəm. Amma qərarı baş məşqçi verir”.
Bunu “Səbail”in kapitanı Rahid Əmirquliyev Azərbaycan millisinin Uels və Bakıda Xorvatiya ilə keçirəcəyi AVRO-2020-nin seçmə matçlarına çağırılmamasına münasibət bildirərkən deyib.
Sonuncu dəfə ötən il noyabrın 17-də yığmanın Bakıda Farer adalarını Millətlər Liqasının qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi görüşdə heyətdə yer alan 30 yaşlı yarımmüdafiəçi yeni dəvət gözlədiyini bildirib: “Çalışıram ki, klubumda daim oynayım, formada olum. Çağırsalar, can-başla hazıram. Bu, baş məşqçinin qərarıdır. Millidə gəncləşdirmə prosesi aparır, digər oyunçuları yoxlayır, baxır. Ancaq yenə də ümidim var”.
Milli seçmə mərhələyə ardıcıl 3 məğlubiyyətlə başlayıb. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv səfərdə Xorvatiyaya (1:2), evdə isə Macarıstan (1:3) və Slovakiyaya (1:5) uduzub. Əmirquliyev yığmanın çətin qrupa düşdüyünü və rəqiblərin güclü oynadıqlarını vurğulayıb: “Xorvatiya ilə səfər matçında pis çıxış etmədilər. Ancaq son 2 məğlubiyyətlə nəticələnən görüşlərdə yığma çox zəif təsir bağışladı. Bunun nədən irəli gəldiyini bilmirəm. Sanki həvəssiz idilər. Kənardan elə görünürdü”.
Qeyd edək ki, Azərbaycan yığması Uelslə sentyabrın 6-da Kardiffdə, Xorvatiya ilə sentyabrın 9-da Bakıda üz-üzə gələcək. (report)