"Neftçi"də idman direktoru vəzifəsi ləğv olunmuşdu.

Beyinlərdə idman/futbol düşünülmürdü. İntriqalar, vəzifə bölgüləri "Neftçi"ni, nəticələri unutdurmuşdu. Bir tərəfdən də idman direktorlarının baş məşqçilərin yerinə göz dikməsi, futbolu bilməyən başbilənlərin başını ağrıdır, əl-qol açmağa mane olurdu. Çıxış yolunu özlərindən aşağı, nüfuzlu vəzifələrin ləğvində gördülər. Tək idman deyil, icraçı direktor postu da ləğv edildi...

Şəxsi maraqlar klubda aparılan struktur dəyişiklərini sürətləndirir, özlərinə sərf edən sistem qurulurdu. Belə vəziyyətdə adamlarını kluba yeritmək, hər 6 aydan bir komandanı yeniləmək, legionerləri əlçək kimi dəyişmək asan olurdu. Uğursuzluqları isə şaiyə-şəbəkə qrupları vasitəsilə sponsorların, keçmişin, jurnalistlərin, azarkeşlərin, ictimaiyyətin üstünə atır, zaman udulurdu...

MMM şirkəti kimi piramida sistemi müəyyən müddət çalışır, insanlar aldadılır, pik nöqtəyə çatanda isə dağılır. Özləri dağılmır, zərbə, ziyan ətrafa dəyir, məhv edilir. "Neftçi" indiki duruma salındığı kimi. Piramida sistemi çox dərin olduğu üçün heç kim cəzalanmır, ən pis halda pullar qismən geri qaytarılır, mənzilləri satdırılır...
"Neftçi"də son 3-4 mövsümə xərclənən, dağıdılan 30-40 milyon vəsaitin hesabatını isə hələ ki, heç kim verməyib. Verilməsi də gözlənilmir...

Yenidən vəzifələr bərpa olunur. Futbol klubu tikinti, marketinq şirkəti, zavod, fabrik deyil. Klubda idman direktoru, futbola aid olan ştatlar mütləqdir. Vəzifələrdə kimlərin olması, çalışması isə başqa mövzudur. Vəzifə insanı nüfuz sahibi etmir, işini bacaran şəxslər qazanılan nəticələrlə vəzifələri hörmətə mindirir. Son illər "Neftçi"də gedən proseslər bütün vəzifələri, özlərini nüfuzdan salıb artıq...

Yeni idman direktoru Ceyhun Sultanov ömrünü futbola həsr edib. Son illər "Sumqayıt"da klub rəsmisi kimi fəaliyyətini davam etdirirdi. "Neftçi" kimi tarixi klubda idman direktoru vəzifəsi həm məsuliyyət tələb edir, həm də bir şansdır. Bunu özləri də gözəl dərk edir, başa düşürlər...

Hər futbolçudan yaxşı məşqçi çıxmadığı kimi, hər futbol adamından da idarəçi çıxmaya bilər. Bunun üçün xüsusi bacarıq, rəhbər keyfiyyətləri lazımdır. Böyük klubun yükü, məsuliyyəti də böyük olur.

"Neftçi" o qədər idarəolunmaz hala salınıb ki, təyinatlar da vaxtında aparılmır. İslahatlar mövsümdən öncə, ən pis halda qış fasiləsinə qalmış olmalıdır. "Yenimövsümdə yeni "Neftçi görəcəksiz", "fasilədən sonra komanda başqa olacaq" nağılları bitib artıq. "Neftçi" mövsümü yenidən hədər vermək üzrədir. Təzə gələnlər klubu tam qəbul edənə kimi mövsüm başa çatacaq...

"Neftçi"də bundan sonra da yeni nağıllarmı danışılacaq, yoxsa nəhayət klub bataqlıqdan çıxmağı bacaracaq?! Bunu zaman göstərəcək...
Uğursuz illərin nağıllar kampaniyasına nəhayət ki, son qoyulmalıdır...
Uşaqlar üçün nağılların sonunda göydən hər zaman yalançı üç alma düşür. Şirin yuxularla böyüyərək gerçək həyatla qarşı-qarşıya qalırlar. Böyüklər üçün nağılların sonu isə faciə ilə bitir. Azərbaycan futbolunun tarixi olan "Neftçi"nin son illərdəki nəticələri kimi...
"Neftçi" kimi böyük klubda çalışanlar nağılları gerçək etməyi, çempionluq, kubok, qrup "alma"larını göydən düşürməyi bacarmalıdırlar. 
Əks halda özləri nağıllar dünyasına qərq olurlar.

"Neftçi"də yenidən həqiqi nağılların, xəyalların həyata keçməsi arzusu ilə...

Tahir SÜLEYMANOV