Mikel Arteta Çempionlar Liqasında "Lill" üzərində 3:0 hesablı qələbədən sonra oyunun nəticələrini dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, baş məşqçi qarşılaşmanı izləməyin böyük zövq verdiyini bildirib: "Bu oyuna baxmaq bir həzz idi. Bütün üç qol möhtəşəm alındı: qarşılıqlı anlaşma, vaxtlama, icra keyfiyyəti... Qolları üç fərqli oyunçu vurdu, digərləri də hücumlarda iştirak etdi. Ümumilikdə çox-çox razı qaldım. Xüsusilə birinci hissədə təhlükəli mövqelərə çıxırdıq, lakin texniki keyfiyyətimiz bəzən real təhlükə yaratmağa və hücumu davam etdirməyə imkan vermirdi, buna görə də müəyyən əks-hücumlara yol verdik. Fasilədə bəzi mövqelərdə dəyişiklik etdik və texniki səviyyə yüksəldi. Boşluqlardan daha yaxşı istifadə etdik."

Arteta "Arsenal"ın ümumi mərhələdə 14 qələbəlik seriyasına da toxunub: "Bu seriya komandamızın sabitliyini göstərir. Biz eyni səviyyədə çıxış etməyə davam edirik və bu turnirdə belə oynamağı bacarırıq. Əminəm, bu cür davam edə bilərik, amma bunu qazanmaq lazımdır, çünki səviyyə çox yüksəkdir".