"İnter"in baş məşqçisi Kristian Kivu Çempionlar Liqasında ardıcıl ikinci məğlubiyyətdən sonra – "Brügge" ilə oyundan (3:4) sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, komandasının birinci hissədə yaxşı oynadığını, lakin ikinci hissədə imkanları dəyərləndirə bilmədiyini və əsəbiləşdiyini bildirib. "Problem düzgün pressinqin olmamasında və meydanda böyük boşluqlarda idi. Rəqibi sıxışdırmağa çalışanda gecikirdik. Birinci hissədə yaxşı idik, bu səviyyədə bəzən əziyyət çəkmək normaldır. İkinci hissədə iki açıq qol imkanımız oldu, soyuqqanlılığı itirdik, əsəbi olduq, rəqib isə sürəti ilə bizə problem yaratdı. 1:2-dən sonra oyuna qayıda bilmədik".
Kivu Çempionlar Liqasında uğursuzluğun səbəbinin izahını tapmadığını, lakin komandanın potensialına inandığını vurğulayıb: "Bu, o demək deyil ki, dünən və ya ötən il olduğumuzdan zəifik. Sadəcə, burada düzgün balans tapmaq lazımdır. Qarşıda bu mini-turnirdə 6 oyunumuz var, vəziyyəti dəyişmək üçün əlimizdən gələni edəcəyik".
O, həmçinin əlavə edib: "Qəzəb və qətiyyət olmadan geridönüş etmək mümkün deyil. Biz ilk addımı atmaq istəyirik, reaksiya vermək yox. Bu gün soyuqqanlılıq çatmadı, həddindən artıq gərginlik vardı. Çempionlar Liqasında bunun bədəlini ödəməli olursan. Burada peşəkarlıq və hazırlıqlı komandalar var, onlar çətinlik yaradırlar".


