"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi Lisandro Martinesin klubun vəziyyəti ilə bağlı sərt açıqlamasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Runi Martinesin "Atletiko"ya 0:2 hesabı ilə uduzduqları oyundan sonra verdiyi müsahibəni tənqid edib. O bildirib ki, Martinesin bu açıqlaması əvvəlcədən planlaşdırılmış təsiri bağışlayır:

"Düşünürəm, Martines hər şeyi əvvəlcədən hazırlamışdı. Niyə məhz bu oyundan sonra danışır? O özü bunu istədi? Onun ümumiyyətlə danışdığını nadir hallarda eşidirəm. Bu, sanki əvvəlcədən planlaşdırılmışdı, komanda ilə müzakirə edib belə danışmağa qərar verib. Təəssüf edirəm, çünki belə çətin vaxtlarda bütün oyunçular bir yerdə olmalıdır. Oyunçular, baş məşqçi və məşqçi heyəti birlikdə dayanmalıdır. Əks halda, belə açıqlamalar paltardəhlizində parçalanmaya səbəb ola bilər. Məncə, bu həm də komanda yoldaşlarına hörmətsizlikdir. O deyir ki, komanda yoldaşları kifayət qədər yaxşı deyil. Yəni, o, onların yetərli olmadığını bildirir və bu, hörmətsizlikdir. Düşünürəm, əgər belə bir söz deməyə kimsə haqqı varsa, o da Brunu Fernandeşdir, çünki o, kapitanıdır. Amma belə məsələlər qapalı qapılar arxasında həll olunmalıdır. Oyunçular baş məşqçi ilə danışır, baş məşqçi rəhbərliklə müzakirə edir, amma bu cür müsahibələr klubun vəziyyətinə heç bir fayda vermir. İndi isə bu açıqlama yalnız komanda ətrafında daha çox səs-küy yaradacaq: oyunçular narazı, qeyri-sabit və bir-birinə inamsız olacaqlar. Bu, heç bir halda kömək etməyəcək".