Danimarka millisinin sabiq qapıçısı Kasper Şmeyxel peşəkar karyerasını başa vurduqdan sonra yaşadığı dəyişikliklər barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı qolkiper Avropa Klublar Assosiasiyasının Kopenhagen şəhərində keçirilən Baş Assambleyasında çıxış edərkən zarafatla bildirib ki, hazırda əsas işinin övladlarını müxtəlif yerlərə aparmaq olduğunu deyib: "Üç övladım var. Əslində, tam ştatda Uber sürücüsü kimi çalışıram. Bu, qəribə keçid dövrüdür və mən buna hazır deyildim. Həyat sürprizlərlə doludur, mən də uyğunlaşmağa çalışıram. Hazırda kurslara gedir, televiziyada işləyir, uşaqları müxtəlif işlərə aparıram. Karyeramı öz istəyimlə deyil, zədə səbəbindən bitirdiyim üçün hələ də rəqabət ruhu içimdədir. Gələcəkdə məşqçi, menecer və ya daha yüksək vəzifədə işləmək istəyirəm. Bu alov hələ də məndə yanır. Məşqçi lisenziyası almaq prosesi o qədər də xoşuma gəlmir, amma bu, vacibdir. Meydana çıxıb gənc oyunçulara kömək etdikdə isə həqiqətən zövq alıram. Həyatım boyu məndən yüksək nəticələr gözlənilib və bu, məni həvəsləndirib. İndi isə bir anda bu hiss yoxa çıxıb. Bu dopamin partlayışını nəyinsə əvəz etməsi lazımdır".

Kasper Şmeyxel peşəkar karyerasına "Mançester Siti"də başlayıb və bu klubdan 5 dəfə icarəyə göndərilib. Daha sonra o, "Notts Kaunti", "Lids", "Lester", "Nitsa", "Anderlext" və "Seltik"də çıxış edib. "Lester"in heyətində 2016-cı ildə İngiltərə çempionu olub, 2021-ci ildə isə ölkə kuboku və Superkubokunu qazanıb. "Seltik"lə iki dəfə Şotlandiya çempionu, bir dəfə isə Şotlandiya Liqa Kubokunun sahibi olub. Danimarka millisində isə 120 oyunda meydana çıxıb.