Böyük Britaniyanın nüfuzlu BBC portalı "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas haqqında geniş məqalə dərc edib.
Yazıda litvalı mütəxəssisin gözlənilməz və maraqlı həyat hekayəsindən bəhs olunub.
Offsideplus.az sizə yazının qısaldılmış versiyasını təqdim edir:
Valdas Dambrauskas: "Milyonçu" şousundan Çempionlar Liqasına və "Old Trafford"a uzanan yol
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasında "Old Trafford"da "Mançester Yunayted"ə qarşı oyuna çıxacaq. Litvalı mütəxəssis üçün bu, məşqçilik karyerasına "Mançester Yunayted" futbol məktəbində başladığı vaxtdan 20 il sonra geri dönüş deməkdir.
Dambrauskasın hekayəsi 2002-ci ildə Litvada "Kim milyonçu olmaq istəyir?" yarışmasında qazandığı 4,000 litas (təxminən 725 funt-sterlinq) uduşla başlayıb. O, bu məbləğlə Londona yollanaraq məşqçilik kurslarına qatılıb:
"Mənim ideyam bu pulu məşqçilik lisenziyası almaq üçün kurslara xərcləmək, bir gün Litvaya qayıdıb məşqçi kimi çalışmaq idi."
Londonda yaşadığı 8 il ərzində o, bağbanlıq, xadiməçilik və qəzet paylamaq kimi bir neçə işdə çalışaraq London Metropoliten Universitetində idman elmləri üzrə təhsil alıb. London Futbol Assosiasiyasında UEFA lisenziyası alan ilk litvalı olan Dambrauskas, 2004-cü ildə "Mançester Yunayted" Futbol Məktəbinə işə qəbul olunaraq peşəkar futbolda ilk böyük şansını əldə edib.
2010-cu ildə İngiltərəni tərk edərək ölkəsinə qayıdan mütəxəssis "Ekranas" və "Jalgiris"də çalışıb, 5 müxtəlif ölkədə 13 titul qazanıb. O, "Jalgiris", RFS, "Ludoqorets" və "Hayduk"la kuboklar qazandıqdan sonra 2025-ci ilin yayında "Sabah"ın sükanı arxasına keçib. İlk mövsümündəcə paytaxt təmsilçisi ilə qızıl dubl edərək klubu tarixində ilk çempionluğa daşıyıb.
Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel"I (Beer-Şeva) dramatik matçda keçərək əsas mərhələyə vəsiqə qazanan "Sabah", 1-ci təsnifat mərhələsindən bura qədər yüksələn yeganə komandadır. Qrup mərhələsində "Sabah"ı "Borussiya" (Dortmund), "Barselona", "Napoli", "Vilyarreal", "Arsenal" və "Mançester Yunayted" kimi nəhəng rəqiblər gözləyir.
"Sabah"ın prezidenti Maqsud Adıgözəlov baş məşqçinin komandaya təsirini yüksək qiymətləndirib:
"O, komandaya qalib təfəkkürü aşılayıb. Ən çətin anlarda belə komanda mübarizə əzmini itirmir. Bu da məhz baş məşqçinin əməyinin bəhrəsidir".
Dambrauskas isə hisslərini belə ifadə edir:
"İngiltərədə olduğum dönəmdə 'Mançester Yunayted' və 'Arsenal' savaşı, Aleks Ferqyuson – Arsen Venger qarşıdurması pik həddə idi. İndi isə bura Çempionlar Liqasında baş məşqçi kimi dönmək və o məşhur himni eşitmək inanılmaz hissdir".


