Dominik Livakoviçin bu gün rəsmi olaraq "Barselona"nın yeni oyunçusu olacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, qapıçı çərşənbə axşamı Barselonaya gəldikdən və səhəri gün tibbi müayinədən uğurla keçdikdən sonra klubun onunla 2030-cu ilə qədər müqavilə imzaladığı bildirilib. Lakin çərşənbə günü imzalanan razılaşmaya baxmayaraq, rəsmi açıqlama sənədləşmə işlərindəki gecikməyə görə cümə axşamına təxirə salınıb.

Gecikmənin səbəbi "Barselona"nın transferi tamamlamaq üçün hələ də "Fənərbağça"dan son sənədləri gözləməsidir. Türkiyə klubu isə bu prosesi bu günə saxlayıb, çünki dünən onların Çempionlar Liqasında "Lion"a qarşı oyunu olub (1:2).

Müqavilə imzalandıqdan sonra Livakoviçin ikinci qapıçı kimi qalacağı, yoxsa mövsümün sonuna qədər icarəyə göndəriləcəyi hələ dəqiq deyil. Onun gələn il Voyçex Şçensnının müqaviləsi başa çatdıqdan sonra qayıtması ehtimal olunur. Baş məşqçi Hansi Flik bu barədə çərşənbə günü "Atletik"lə oyundan əvvəl keçirilən mətbuat konfransında danışıb.

"Barselona"nın Livakoviçi heyətə daxil edə bilməsi üçün maliyyə feyr-pley qaydalarına uyğun olaraq bir neçə gün də gözləməsi lazım gələcək.