"Real Madrid"in stadionu "Santyaqo Bernabeu" DÇ-2030-un final oyununun keçirilməsi üçün əsas namizəd hesab olunur.

Offsideplus.az xəbər verir ki, turniri İspaniya, Portuqaliya və Mərakeş birgə təşkil edəcək. Bundan əlavə, Uruqvay, Argentina və Paraqvayda da bir oyun baş tutacaq. Daha əvvəl finalın keçirilməsi hüququnun Mərakeşə verilə biləcəyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, FIFA prezidenti Canni İnfantino bu addımla Mərakeşin dəstəyini qazanmaq istəyir. Lakin FIFA bu xəbəri təkzib edib.

Qeyd olunur ki, kompromis variant kimi Mərakeşə 2029-cu ildə keçiriləcək Klublararası Dünya Çempionatının təşkilatçılığı verilə bilər. Mart ayında FIFA-nın yeni rəhbərliyinin seçkiləri keçiriləcək və İnfantino yenidən prezidentliyə namizəd olacaq.

Hazırda onu Afrika (54) və Asiya (47) federasiyaları dəstəkləyir – ümumilikdə 101 səs. Yenidən seçilmək üçün ona 106 səs lazımdır. UEFA və KONKAKAF isə birlikdə 96 səsə sahibdir və İnfantinoya qarşı çıxır.