Bakıda bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edən və ümumilikdə 58 nəfərə zərər vuran şəxslərin məhkəməsi keçirilib. Məhkəmə prosesində məlum olub ki, zərərçəkmişlər arasında tanınmış futbolçulardan Rahid Əmirquliyev də var.

 
Offsideplus.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Bağırov və Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Bu məhkəmə prosesindən musavat.com saytının hazırladığı reportajda qeyd olunur ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.
 
İlk zərərçəkmiş kimi dindirilən şəxs "Qarabağ”ın tanınmış sabiq futbolçusu, hazırda "Səbail” klubunda forma geyinən Rahid Əmirquliyev olub. Onun aldığı iki mənzilin başqa şəxslərə satıldığı üzə çıxıb.
 
R.Əmirquliyev ifadəsində göstərib ki, mənzil almaq üçün bir neçə tikinti şirkəti ilə maraqlanıb. Yasamalda tikilən binadakı mənzillərlə maraqlandığını deyən Əmirquliyev "Bakı” MTK-nın elanları ilə rastlaşdıqdan sonra oradan mənzil almağı qərarlaşdırdığını deyib.
 
"Həmin MTK-ya getdim.  
 
 Mənzillərə özüm baxdım. Evləri MTK-nın rəhbəri Emil Məhərrəmovdan almışam. Pulu da ona vermişəm. İndi də ondan şikayətçiyəm” – deyə Əmirquliyev bildirib.
 
Amma dövlət ittihamçısı xatırladıb ki, Əmirquliyev istintaqda fərqli ifadə verib. Belə ki, o, istintaqdakı ifadəsində evləri alarkən Eynur Xudiyevlə tanış olduğunu, mənzillərə onunla baxdığını, onun vasitəsi ilə pulu verdiyini deyib.
 
Bu xatırlatmadan sonra Rahid Əmirquliyev bildirib ki, hadisənin üzərindən uzun müddət keçdiyi üçün bəzi məqamları dəqiq xatırlamır. Amma o, istintaqda dediklərini də təsdiq edib.
 
R.Əmirquliyev ifadəsinin davamında qeyd edib ki, iki mənzil də hazır olub: "Mənzillərdə kirayşinlər var idi. Mən də evi kirayəyə verəcəkdim. Ona görə də dedim ki, kirayədə yaşayanları çıxarmasınlar. İki mənzilin də pulunu tam olaraq ödədim. Sonradan məlum oldu ki, evin bir neçə sahibi var. Evi 550 manata kirayəyə vermişdim. Eynur 3 ay mənə 550 manatdan kirayə pulu vermişdi”.
 
Futbolçunun ifadəsindən məlum olub ki, hazırda həmin mənzillərdə ayrı şəxslər yaşayır. Ona dəymiş ümumi zərər 150 min manatdan çoxdur.