AFFA İntizam Komitəsinin növbəti iclasında Əvəzedicilər Liqasının XVII turunda baş verən qayda pozuntuları müzakirə edilib və müvafiq sanksiyalar tətbiq olunub.
Offsideplus.az xəbər verir ki, "Kəpəz-2" – "Sabah-2" qarşılaşmasında rəqibi təhrik etdiyi və aqressiv hərəkətlərə yol verdiyi üçün meydandan qovulan Nihad İsaqov 6 oyunluq diskvalifikasiya edilib. Gəncə klubu bu hadisəyə görə 300 manat cərimə ödəməli olacaq.
Eyni matçda "Sabah-2"nin üzvü Həmzəalı Mikayılov da təcavüzkar davranışı səbəbindən birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Futbolçu 2 matç kənarda qalacaq, klubu isə 150 manat məbləğində cərimələnib.
Bundan əlavə, "Sabah"ın məşqçisi Din Haliloviç hakimin qərarlarına etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılıb. Komandanın məşqçisi 2 oyunluq cəzalanıb, klub isə əlavə 500 manat cərimə edilib.


