İran Futbol Federasiyası 2026-cı il Dünya Çempionatının püşkatma mərasimini boykot edəcəyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, səbəb kimi ABŞ-nin İran nümayəndə heyətinin bir neçə üzvünə viza verməkdən imtina etməsi göstərilir.
Püşkatma mərasimi 5 dekabrda Vaşinqtonda keçiriləcək. Lakin İran tərəfi bildirib ki, ölkə nümayəndələri tədbirdə iştirak etməyəcək və qərarın siyasi motivlərlə verildiyini vurğulayıb.
Federasiyanın açıqlamasında deyilir:
“Biz FIFA-ya məlumat vermişik ki, qəbul edilən qərarlar idmanla bağlı deyil. İran nümayəndə heyətinin üzvləri Dünya Çempionatının püşkatmasında iştirak etməyəcək. Canni İnfantinoya da bildirib ki, bu, tamamilə siyasi mövqedir və FIFA ABŞ-yə bu davranışdan əl çəkməsi üçün xəbərdarlıq etməlidir.”
İran mediası – xüsusilə Varzesh 3 – yazır ki, viza verilməyənlər arasında İran Futbol Federasiyasının prezidenti Mehdi Tac da var.
Xatırladaq ki, 2022 Dünya Çempionatında iranlı azarkeşlər və futbolçular arasında etirazlar qeydə alınmışdı. Həmin vaxt bəzi futbolçular milli himni oxumaqdan imtina etdiklərinə görə təzyiq və cəza təhdidləri ilə üzləşmişdi. O dövrdə bəzi siyasətçilər hətta komandanın tam dəyişdirilməsini tələb etmiş, dövlət mediası isə futbolçuları tənqid etmişdi.



