Portuqaliya millisi ötən gecə DÇ-2022-nin H qrupunda ikinci oyununa çıxıb.

 Fernandu Santuşun yetirmələri Uruqvayla çətin matçda da qələbəyə (2:0) sevinərək mundialda 1/8 final mərhələsinə vəsiqəni təmin ediblər. Fəqət penaltiyə səbəb olan epizod müzakirələrə yol açıb.

Belə ki, Uruqvay seçməsinin müdafiəçisi Xose Mariya Ximenez cərimə meydançasında sürüşmə fəndi edərkən, top onun özünə dayaq üçün istifadə etdiyi sol əlinə (özü də bilmədən - red.) dəyib. Görüşün iranlı referisi Alireza Faqani oyunu davam etdirsə də, sonradan epizoda VAR-da baxmaq zərurəti yaranıb. Həmin epizodu monitorda təkrar izləyən baş hakim cənubi amerikalıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Bu qərar sosial şəbəkələrdə futbolsevərlər arasında fikir ayrılığı yaradıb.

Bəs görəsən, həmin epizodda penalti təyin edilməli idi? 

İranlı referinin qərarına şərh bildirməsi üçün Azərbaycanın beynəlxalq dərəcəli keçmiş hakimi Tahir Süleymanovla əlaqə saxladıq. O, Offsideplus.az-a açıqlamasında Faqaninin 11 metrlik nöqtəni narazı qalaraq göstərdiyini bildirdi:

"Taleyüklü, dramatik, prinsipiallığı ilə seçilən Portuqaliya-Uruqvay matçının son dəqiqələrində təyin edilən penalti, azarkeşlər arasında haqlı olaraq müzakirələrə, mübahisələrə səbəb oldu. Epizodun lehinə və əleyhinə olan məqamların əsaslı təhlilə ehtiyacı var.

İdarəçilik baxımından futbola nə qədər texnoloji yeniliklər gətirilsə də, "Oyun qaydaları"nda təbii boşluqlar kifayət qədərdir. Kameraların çoxluğu, müxtəlif rakurslardan çəkilişlər, VAR sistemi heç vaxt 100 faizli nəticə ilə qərarların doğruluğuna zəmanət verə bilməz! Millimetlərlə ölçülən ofsayd qərarlarını nisbətən çıxmaq şərtilə, penalti və qırmızı vərəqələrin bir çoxunda kompüter acizdir, istənilən halda son qərarı ya meydanda oyunu idarə edən hakimlər, ya da VAR otağında ekran qarşısında olanlar müəyyənləşdirir, insan faktoru son anda əsas rol oynayır. Ona görə futbolda şablon yanaşma qəbul edilmir, oyunun axarına, baxımlılığına, gedişinə, ruhuna uyğun obyektiv idarəçilik tövsiyyə/tələb edilir. Meydanda cərəyan edən futbol qaydalarını texnoloji çərçivəyə salmaq mümkünsüzdür! 

gkfr

Qeyd olunan qarşılaşmada referi epizodu gözdən qaçırmamışdı, oyunun gedişini ideal məsafədən nəzarətdə saxlayırdı, mükəmməl görmə bucağından futbolçuların hərəkətini görür və izləyirdi. 

Baş hakim topun müdafiəçinin əlinə dəydiyini müşahidə etmişdi. Belə olduğu halda niyə dərhal penalti təyin edilmədi? Bir var referi müəyyən səbəbdən epizodu qaçırır, VAR-ın köməyinə ehtiyac duyulur, bir də var baş hakim düşünərək doğru bildiyi qərarı qəbul edir. İstənilən hakim gördüyü epizodda da səhv qərar qəbul edə bilər. Bu epizodda isə referi oyunun ruhunu oxuyaraq, müdafiəçinin sürüşmə fəndindən istifadə etdiyi anda qolundan dayaq kimi istifadə etdiyini və futbolçu özündən arxada topun hərəkət trayektoriyasını istəsə belə görmək imkanının olmadığını, əlin təbii halda olduğunu, topun təsadüfən ələ dəydiyini nəzərə alaraq görüşü davam etdirdi. Hətta, referi əl jesti ilə "oynayın" işarəsini də verdi. Bu amil bir daha sübut edir ki, baş hakim epizodu görürdü və obyektiv reaksiya verərək görüşü dayandırmadı... 

VAR-ın müdaxilə-məsləhətindən sonra referiyə epizoda monitor arxasında yenidən baxmağa tövsiyə edildi. Təkrara baxdıqdan sonra baş hakim istəmədən penalti nöqtəsini göstərmək məcburiyyətində qaldı. Hakimin hərəkətlərində, üz cizgilərində VAR müdaxiləsindən narazılıq açıq sezilirdi. İstənilən halda son qərarı baş hakim verir. Niyə referi ilk qərarının üstündə durmadı? Top ələ dəyməsəydi, portuqaliyalı futbolçu əlverişli mövqe qazanmış olurdu. Baş hakim oyunun gedişini, ağırlığını, çəkisini, mundialın ruhunu nəzərə alaraq bəsit penalti epizodunda doğru qərar qəbul etmişdi. VAR-ın şablon yanaşmasına referi risk edib qarşı çıxmadı və daxilən istəmədən, narazı qalaraq nöqtəni göstərdi, özünə problem yaratmaq istəmədi. FİFA VAR sisteminin tətbiqinə böyük yatırımlar edib və bir nömrəli dəstəkçidir. Hakimlərin sistemə qarşı çıxması psixoloji və faktiki olaraq özlərinə, karyeralarına qarşı süiqəst anlamına bərabər olar. 

İstənilən halda epizod bundan öncəki oyunlarda verilmiş haqsız və mübahisəli penalti qərarları kimi operativ olaraq FİFA Hakimlər Komitəsində müzakirə ediləcək və qarşıdan gələn matçlar üçün referilərə, VAR-da olanlara tövsiyələr veriləcək".

Daşqın Əziz