Bu gün futbol üzrə Səudiyyə Ərəbistanı çempionatında "Əl-Şabab" "Əl-Nəsr"in qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, bu oyunu azərbaycanlı futbol həvəskarları üçün maraqlı edən ən böyük cəhət  komandaların heyətində iki sevimli şəxsin yer almasıdır.

Belə ki, matç zamanı "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldu ilə yanaşı, türk dünyasının ən uğurlu məşqçilərindn sayılan Fatih Terimi də görə biləcəyik. 71 yaşlı çalışdırıcı ötən ilin dekabrından etibarən "Əl-Şabab"a rəhbərlik edir.

Hazırda "Əl-Nəsr" 47 xalla 4-cü, "Əl-Şabab" isə 39 xalla 6-cı sırada qərarlaşıb.

Oyundan öncə keçirilən mətbuat konfransında Fatih Terim Ronaldu barədə verilən sualı cavablayıb: "İndiyədək müxtəlif yarışlarda onunla bir neçə dəfə görüşmüşük. Yükək sürət və potensiala malik futbolçudur. Ronaldu kimi ulduzun Səudiyyə Ərəbistanı çempionatında olması yarışa özəllik verir".

Fatih Terim, həmçinin "Əl-Şabab"da son 3 ayda maaşların verilməməsini də təsdiqləyib: "Təəssüf ki, belə problem yaşandı. Futbolçular məşqə çıxmaqdan imtina etdilər. Ancaq bu, mətbuat konfransında müzakirə ediləcək mövzu deyil. Lazımi açıqlamanı klub verməlidir".

Qeyd edək ki, "Əl-Nəsr" - "Əl-Şabab" matçı Bakı vaxtı ilə saat 23-də start götürəcək.