“Qarabağ” Futbol Akademiyasının üzvləri İtaliyanın köklü klublarından “Udineze”də təlim-məşq toplanışında iştirak edəcəklər.
Offsideplus.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, klublar arasıında mövcud olan münasibətlərin sayəsində gerçəkləşəcək.
"Qarabağ" və "Udineze" artıq strateji tərəfdaşa çevrilirlər. Əməkdaşlığın ilkin mərhələsi kimi, əsas diqqət akademiyalar arasında bilik və təcrübə mübadiləsinə yönəlib.
"Qarabağ"ın yeniyetmə və gənc futbolçularının “Udineze”nin düşərgəsinə baş çəkməsi onların beynəlxalq səviyyədə inkişafına ciddi töhfə verəcək, Avropa təcrübəsinə yiyələnməyə, texniki və taktiki baxımından inkişafına nail olmağa şərait yaradacaq.
Bu mühüm əməkdaşlığın qurulmasında Ağdam təmsilçisinin prezidenti Tahir Gözelin şəxsi təşəbbüsü və yanaşmaları xüsusi rol oynayıb. Onun “Udineze”yə sahiblik edən Pozzo ailəsi ilə dostluq münasibətləri strateji tərəfdaşlığın təməlini qoyub.
Tahir Gözəlin "Qarabağ"ın gələcəyi ilə bağlı planları, gənclərin inkişafına verdiyi önəm və klubun beynəlxalq imicini gücləndirmək istiqamətində atdığı addımlar bu əməkdaşlığı mümkün edib.
Əməli əməkdaşlığa əsas liqalarda olduğu kimi aşağı yaş qrupları üzrə liqalarda da yay fasiləsinin başlaması ilə əlaqədar yeni mövsümün əvvəlindən start veriləcək və akademiyanın üzvləri İtaliyaya yollanacaqlar.
İki klub arasındakı əlaqələr yalnız akademiya səviyyəsində məhdudlaşmayacaq. Gələcək mərhələdə məşqçilərin və klub funksionerlərinin qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif departamentlər üzrə təcrübə paylaşımı və birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, “Udineze” COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşəbbüsü ilə ötən ilin noyabrında Bakıda təsis olunan alyansın yaradılması ilə bağlı bəyannaməni imzalayan klublardan biridir.



