Türkiyə I Liqasında forma geyinən azərbaycanlı futbolçular Coşqun Diniyev və Vüsal İsgəndərlinin komandaları bu gün növbəti oyunlarına çıxıblar.
Offsideplus.az xəbər verir ki, C.Diniyevin şərəfini qoruduğu "Çorum" XXXV tur çərçivəsində səfərdə "Amed"lə üz-üzə gəlib.
Həmyerlimizin komandası vacib matçda xalsız qalıb - 0:1. Coşqun bütün görüşü ehtiyat oyunçular skamyasında keçirib.
V.İsgəndərlinin çıxış etdiyi "Boluspor" isə doğma meydanda ikinci pillənin sahibi "Fatih Karagümrük"u 1:0 hesabı ilə üstələyib. O, 90+5-ci dəqiqədə mübarizəyə qoşulub və cəmi 2 dəqiqə çıxış edib.
Bu qələbədən sonra "Boluspor" 52 xalla 8-ci sıraya qalxıb. 51 xalı olan "Çorum" isə 10-cu pilləyə enib.
Çempionatın sonuna 3 tur qalıb. Əsasnaməyə görə, ilk iki yeri tutanlar birbaşa Türkiyə Superliqasına vəsiqə qazanırlar. 3-7-ci pillədə qərarlaşanlar isə 1 vəsiqə uğrunda pley-offda qarşılaşacaqlar.
Qeyd edək ki, Coşqun Diniyev milli komandamızın üzvü olsa da, Vüsal İsgəndərli yığmaya namizəddir.