Heydər Əliyev Fondunun təşkilatçılığı ilə cari ilin 7 may tarixində keçiriləcək Bakı Marafonunun iştirakçıları və izləyicilərinin diqqətini erməni işğalı nəticəsində Qarabağın ətraf mühitinə vurulan zərərə və bu zərərin aradan qaldırılmasının vacibliyinə yönəltmək məqsədilə Qarabağ Dirçəliş Fondu və Fondun donoru “Stevedoring” şirkətinin maliyyə dəstəyi hesabına “Bakı Marafonu – 2023” qalibləri adından Qarabağda “Marafon bağı”nın salınması nəzərdə tutulur.
Offsideplus.az xəbər verir ki, həmin bağın ərazisində 1500-dən artıq ağac əkiləcək və onların dayanıqlılığının təmin olunması üçün müasir suvarma sistemi quraşdırılacaq.
Artıq hər biriniz Qarabağ üçün ağac ianə etməklə bu təşəbbüsə dəstək göstərə bilərsiniz. Bunun üçün aşağıda göstərilən keçiddə plastik kartla ağac ianə etmək kifayətdir:
https://qdf.gov.az/iane-imkanlari/kartla-iane/#tree
Qeyd edək ki, eyni zamanda 7 may tarixində Bakı Bulvarında təşkil ediləcək marafonun fan zonasında QDF tərəfindən “Marafon bağı” adlı xüsusi yaşıl pavilyon yaradılacaq. Ziyarətçilər stenddə quraşdırılacaq ödəniş terminalı və smartfonlar vasitəsilə Qarabağda “Marafon bağı”nın salınmasına dəstək olmaq üçün ağac ianə edə biləcəklər. İanə edən şəxslərə xüsusi “İanə Sertifikat”ları təqdim olunacaq.
Qeyd edək ki, ekoloji lahiyələrə dəstəyin göstərilməsi Fondun fəaliyyətinin strateji istiqamətlərindən biridir. Bu məqsədlə 23 sentyabr 2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Gəlin, Qarabağı birlikdə daha yaşıl bərpa edək!