Tovuz şəhər stadionunda Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan mini-futbol turniri baş tutub.

Offsideplus.az xəbər verir ki, açılış mərasimindən öncə Ulu Öndər Heydər Əliyevin  xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. QRFF-nin mütəxəssisi Rasim Əliyev Ümummili Lider Heydər Əliyev haqqında iştirakçılara ətraflı məlumat verib.

Yarışda “Qazax”, “Ağstafa”, “Tovuz” və “Şəmkir” komandaları iştirak ediblər. Komandaların hər birinin tərkibində 1 qız futbolçu yer alıb. Yarımfinalda “Şəmkir” “Tovuz”u 5:3, “Qazax” isə “Ağstafa”nı 3:2 hesabı ilə məğlub edib. Turnirdə üçüncü yeri “Tovuz”u 1:0 hesabı ilə məğlub edən “Ağstafa” komandası tutub.

Finalda “Qazax”la “Şəmkir” üz-üzə gəlib. Həlledici oyunda qazaxlılar 5:1 hesabı ilə qələbə qazanaraq turnirin qalibi adını qazanıblar. “Şəmkir” komandasının qapıçısı Ziyatel Əsədova “Ən yaxşı qapıçı”, hücumçusu Ayxan Səfərov “Ən sərrast oyunçu”, “Qazax” komandasının üzvü Səyyad Pənahov isə “Ən yaxşı oyunçu” nominasiyasının qalibi olublar. Komandaların hər birinə Fəxri Fərman və hədiyyələr təqdim olunub.