Bakı Tennis Akademiyasında keçirilən ənənəvi ITF Payız Kuboku turnirinin növbəti mərhələsi tamamlanıb.

Offsideplus.az xəbər verir ki, V mərhələsi başa çatan yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, İsrail, Gürcüstan, İran, Özbəkistan və digər ölkələrdən olan 81 tennisçi öz bacarığını göstərib.

18 yaş kateqoriyasında mübarizədə dəfələrlə yerli və beynəlxalq turnirlərin qalibi olan Kənan Qasımov bütün rəqiblərindən üstün olaraq həlledici qarşılaşmaya vəsiqə qazanıb. Kənan final görüşündə rusiyanı təmsil edən Artur Ayuxanova qarşı mübarizə aparıb. Tennisçimiz ilk setdə rəqibindən 6:4, 2-ci hissədə isə 7:5 hesabı ilə üstün olaraq çempion olub.

Final görüşündən sonra idmançımız qələbə münasibəti ilə fikirlərini bölüşüb: "Qalib olduğum üçün çox xoşbəxtəm. Bu, ardıcıl 2-ci qələbəmdir. Çəkilən zəhmətin əvəzini görmək sevindiricidir".