Şpaqaçımız Ruslan Həsənov gənclərin Dünya Kuboku mərhələsində gümüş medal qazanıb
Offsideplus.az xəbər verir ki, kişi şpaqaçılarımız Ruslan Həsənov, Barat Quliyev, Kənan Məlikzadə və Xalid Əliyevdən ibarət yığma komandamız Bəhreynin paytaxtı Manama şəhərində keçirilən gənclərin Dünya Kuboku mərhələsində iştirak edib. Şpaqaçılarımızdan Ruslan Həsənov qrup mərhələsində keçirdiyi 5 görüşü qalib başa vurmaqla, mütləq nəticə ilə pley-offa yüksəlib. 1/16 finalda Küveyt idmançısı Xələf Əlmutairini 15:9 hesabı ilə məğlub edən Ruslan, 1/8 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Ömər Alakkas üzərində 15:10 hesablı qələbə qazanıb. Təmsilçimiz yarımfinala yüksəlmək uğrunda görüşdə iordaniyalı İyad Odehə 15:13 hesabı ilə qalib gəlib. 1/2 finalda Qazaxıstan idmançısı Aleksandr Savinə 15:7 hesabı ilə qalib gələn Həsənov, finalda Çex Respublikası təmsilçisi Yakub Yurka ilə qarşılaşıb. Rəqibinə 6:15 hesabı ilə uduzan Ruslan Həsənov gənclərin Dünya Kuboku mərhələsində gümüş medal qazanıb.
Qrup mərhələsini 3 qələbə ilə başa vuran Barat Quliyev isə 1/32 və 1/16 finalda Səudiyyə Ərəbistanını təmsil edən rəqiblərini məğlub edib. Müvafiq olaraq, Əbdülkərim Alotaibi (15:7) və Hüseyn Altavelə (15:9) qalib gələn Barat Quliyev 1/8 finalda Estoniyanı təmsil edən Yaron Kiroyaya 10:15 hesabı ilə uduzub.
Qrup mərhələsində 4 qələbə qazanan Xalid Əliyev isə 1/16 finalda bəhreynli Abdulla Abdulkərəm Mesferə uduzub.(9:15)
Qrupu 2 qələbə ilə başa vuran şpaqaçımız Kənan Məlikzadə isə 1/32 finalda Bəhreyn idmançısı Abdulla Albaluşiyə 15:14 hesabı ilə qalib gəlsə də, 1/16 finalda braziliyalı Aleksandr Kamarqoya 6:15 hesabı ilə uduzub.