"Qalatasaray" klubu Türkiyə kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanıb. 

Offsideplus.az xəbər verir ki, Okan Burukun yetirmələri qrup mərhələsi səddini çətinliklə aşıblar. 

Belə ki, "Cim Bom" bu gün doğma meydanda "Konyaspor"un müqavimətini qıra bilməyib - 0:0. Yekunda 3 oyuna 5 xal toplayan "sarı-qırmızılılar" qrupda "Başakşehir"lə eyni göstəriciyə imza atıblar - 1 qələbə, 2 heç-heçə, topların fərqi 6:3. "Qalatasaray" yalnız "fair play" göstəricisi sayəsində 1/4 finala yüksələ bilib.

Növbəti mərhələyə ikinci pillənin sahibi qismində vəsiqə qazanması "Cim Bom"a əlavə çətinlik yaradıb. Belə ki, İstanbul təmsilçisi digər qrupların qaliblərindən biri ilə üz-üzə gəlməlidir. Başqa sözlə, 1/4 finalda rəqib ya "Fənərbağça", ya "Beşiktaş", ya da "Trabzonspor" olacaq. Özü də yarımfinala adlayacaq komandanı müəyyənləşdirmək üçün yeganə oyun qrup qalibinin, yəni "Qalatasaray"ın gələcək rəqibinin meydançasında keçiriləcək.