Bugünlərdə Şenol Günəşlə yolları ayıran Türkiyə millisinin baş məşqçi postuna hələ də təyinat olmayıb.
Offsideplus.az xəbər verir ki, dünən sözügedən ölkənin mətbuatında bu posta Okan Burukun gətiriləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Belə ki, Türkiyə Futbol Federasiyasının (TFF) 47 yaşlı mütəxəssislə anlaşdığı bildirilirdi. O cümlədən, gənc çalışdırıcı Emre Belözoğlunun da adı milli komanda ilə yanaşı çəkilirdi.
Lakin bu proses gerçəkləşməyib. Türkiyənin ali futbol qurumunun İdarə Heyətinin üzvlərindən biri olan Hamit Altıntop millinin "sükanı arxasına" əcnəbi mütəxəssisin gətirilməsi məsələsinin gündəmdə olduğunu bildirib. O, bunun üçün Almaniyaya səfər edəcəyini və Yoahim Lövlə yanaşı bir neçə alman mütəxəssislə danışıqlar aparacağını deyib.
TFF rəhbərliyi xarici məşqçi təyinatının reallaşması üçün oktyabrın 8-nə qədər gözləməyi qərara alıb. Həmin tarixdə Türkiyə yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Norveç seçməsi ilə qarşılaşacaq.