Türkiyə millisinin Avropa çempionatı üçün hazırlıq proqramı açıqlanıb.
Offsideplus.az "Sabah"a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Şenol Güneş danışıb. 69 yaşlı mütəxəssis 18-19 mayda liqalarda çıxışlarını başa vuran oyunçularla toplaşacaqlarını söyləyib:
"Digər oyunçular bizə 3-4 gün sonra qoşulacaqlar. Planlarımızı bir mövsüm əvvəl qurmuşuq. Hazırlıq prosesi, təşkilati işləri və yoldaşlıq matçlarını pandemiyadan əvvəl müəyyənləşdirmişik. Mövsüm başa çatandan sonra futbolçuların tətil istəyi də olacaq. Sıx oyun qrafiki, pandemiyanın gətirdiyi çətinliklərlə baş tutan liqadan sonra istirahət etməyə ehtiyacları var. Bu, fiziki və zehni istirahət olacaq".
Təcrübəli baş məşqçi futbolçuların ailələrinin də toplanışa qatıla biləcəyini istisna etməyib: "Təbii ki, burada pandemiya şərtləri önəmli rol oynayacaq. Hazırlığın əsas hissəsi yoldaşlıq görüşləri ilə başlayacaq. Mayın 27-də və 30-da oyunlarımız var. İyunun 2-də Almaniyaya toplanışa gedəcək, iyunun 10-da isə İtaliyaya yollanacağıq. Daha sonra Azərbaycana gedib, orada iki görüşə çıxacağıq. Pandemiya səbəbindən bəzi şeylər və matçların yeri dəyişə bilər".
Güneş son matçlardakı koronavirus hallarından narahatlıq hiss etdiyini də vurğulayıb. O, AVRO-2020-dən əvvəl zədələrdən və yeni yoluxmaların aşkarlanmasından ehtiyatlandığını sözlərinə əlavə edib.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Türkiyə yığması Azərbaycanla yoldaşlıq görüşünü mayın 27-də Alanya şəhərində keçirəcək.