UEFA Çempionlar Liqasında yarımfinala yüksələn “Leyptsiq” klubunun məşqçisi turu keçməyə layiq olduqlarını deyib.
Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final matçında “Atletiko Madrid”i 2:1 məğlub edən “Leypziq”in baş məşqçisi Yulian Naqelsman qələbəyə layiq olduqlarını bildirib. Matçdan sonra "Sky Sports"a müsahibə verən Naqelsman qeyd edib ki, “Leyptsiq” “Atletiko Madrid”dən daha yaxşıdır.
“1:0 önə keçdikdən sonra istər-istəməz geri çəkildik. Vurduğumuz ikinci qolda şansın üzümüzə güldüyünün fərqindəyik, lakin biz onlardan daha yaxşı komandayıq və bunu nümayiş etdirdik. “Atletiko Madrid”in yaratdığı hər hansı bir təhlükəli hücumu xatırlamıram. Qapımıza qol vurulandan sonra sakitliyimizi qoruyub saxlaya bildik. Bu çox önəmli idi”.
2009-cu ildə yaradılan klubun belə bir uğur əldə etməsini dəyərləndirən Naqelsman sürətli inkişaf etdiklərini bildirib:
“Çox tez inkişaf etdik. Əvvəlcə Bundesliqaya yüksəldik. Ardınca üç dəfə Çempionlar Liqasında mübarizə apardıq. İnkişafımız normaldan daha sürətlə irəliləyir. Klub olaraq möhtəşəm hisslər keçiririk. Lakin baş məşqçi olaraq daim irəli baxmağımız lazımdır. Qarşıdan gələn matça hazırlaşmalıyıq. Bayram etmək üçün vaxtımız yoxdur. PSJ-yə qarşı müdafiə xəttimiz çox güclü olmalıdır. "Atalanta" təkbətək müdafiə tələb edirdi, PSJ-də isə çox sayda məşhur oyunçular var. Bu asan olmayacaq”.
Qeyd edək ki, PSJ və “Leypziq” klubları arasındakı yarımfinal matçı avqustun 18-də keçiriləcək.


