"Tottenhem"in baş məşqçisi İqor Tudor, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Atletiko Madrid"ə 2:5 hesabı ilə uduzduqları matçda qapıçı Antonin Kinskini əvəzləməsinin oyunçunu qorumaq üçün vacib olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı mütəxəssis, ilk 15 dəqiqədə qapısında üç qol görən və ciddi sarsıntı keçirdiyi hiss olunan çexiyalı qolkiperi matçın 17-ci dəqiqəsində meydandan çıxarıb. Qeyd edək ki, gənc qapıçı ilk qolda topu uzaqlaşdırmaq istəyərkən sürüşmüş, üçüncü qolda isə topu oyuna daxil edərkən səhvə yol vermişdi.

Müvəqqəti baş məşqçi vəzifəsini icra edən Tudor, əsas qapıçı Qulyelmo Vikarionun əvəzinə 22 yaşlı Kinskini start heyətinə daxil etməsi barədə mətbuat konfransında belə deyib: "Olduğumuz vəziyyəti nəzərə alsaq, oyundan əvvəl bu, doğru seçim idi. Hazırda kövrək və zəif durumdayıq".

Bu qarşılaşma uğursuz çıxışı ilə yadda qalan Kinski üçün oktyabr ayından bəri ilk, ümumilikdə isə mövsümdə cəmi üçüncü oyun idi.