"Qarabağ"ın qış transfer pəncərəsində heyətinə cəlb etmək istədiyi qapıçı Andrey Lunyovun agenti Anton Smirnov rusiyalı futbolçunun yaya qədər "Bayer"də (Leverkuzen) qalacağını bildirib.
Offsideplus.az xəbər verir ki, o, bu barədə "RB Sport"a açıqlamasında qeyd edib. Agent qolkiperin zədə səbəbindən qışda klubunu dəyişə bilmədiyini vurğulayıb:
"Lunyov zədəli olduğuna görə aktiv danışıqlar dayandırıldı. Bütün variantlar yaya qaldı. İngiltərəni də nəzərdən keçirəcəyik. Əməkdaşlıq müqaviləsi bağladığımız BASE agentliyindən Böyük Britaniyada variantları gözləyirik. Türkiyə variantı da qalır. "Qarabağ”ı da istisna etmirəm. Biz bütün variantları nəzərdən keçirəcəyik".
"Amma konkret olaraq yayda Türkiyədə iqtisadi vəziyyətin necə olacağını heç kim bilmir. Ola bilsin ki, klubların legionerləri dəvət etməyə pulu olmayacaq, böyük maliyyə problemləri olacaq”, - deyə Smirnov bildirib.
Qeyd edək ki, Andre Lunyov zədə səbəbindən bu mövsüm Bundesliqada cəmi 1 oyuna çıxıb. 31 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-na qədərdir.