Bayern Munchen"in hücumçusu Sandro Vaqner 2018-ci il dünya çempionatında iştirak etmək istəyir.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı forvard Bundestimin baş məşqçisi Yoahim Lövdən dəvət alacağına ümidlidir.
"Diqqətimi öz oyunuma cəmləşdirmişəm. Başqalarının nə etməsinin mənə fərqi yoxdur. Son illər səylə çalışmışam və qollar vurmuşam. Əsas rəqiblərimdən biri (Mario Qomez nəzərdə tutulur), deyəsən, dünya çempionatına getməyə hazırlaşıb. Amma mən özümə güvənirəm. Forma geydiyim bütün klublarda məhsuldar oynamışam. Yüksək dəstədə qalmaq mübarizəsi aparan "Darmstadt"da, Avropa Liqasında oynayan "Hoffenheim"da, indi isə "Bavariya"da. Buna görə dünya çempionatına getməyə layiq olduğumu düşünürəm. Mənə elə gəlir ki, Almaniyanın ən yaxşı hücumçusuyam. Bunu min dəfə demişəm. Qərarı Yoahim Löv verir. Onun hər seçimini qəbul edəcəm. Amma optimist düşünürəm".