"Bayern Münhen"in fəxri prezidenti Uli Höness İngiltərə millisinin kapitanı Harri Keynin real bazar dəyəri ilə bağlı futbol dünyasında səs-küy yaradacaq açıqlamalar verib.
Offsideplus.az xəbər verir, Almaniya klubunun rəhbəri Keynin bugünkü performansının ödənilən məbləğdən qat-qat üstün olduğunu bildirib.
"100 milyon avro risk idi, amma..."
Höness etiraf edib ki, 2023-cü ildə Keyni "Tottenhem"dən təxminən 100 milyon avroya transfer edərkən bunun bir az riskli olduğunu düşünüblər.
Lakin ingilis hücumçunun son illərdəki inanılmaz oyunu bütün şübhələri aradan qaldırıb.
Hönessin sözlərinə görə, Keyn hazırda həm texniki keyfiyyəti, həm də gənc oyunçulara göstərdiyi örnək davranışı ilə klubun əvəzolunmaz simasına çevrilib.
Höness Keynin dəyərini əsaslandırmaq üçün maraqlı bir müqayisə aparıb. O, "Liverpul"un Aleksander İsak üçün ödəyəcəyi (və ya dəyərləndirilən) 150 milyon avroluq məbləğə diqqət çəkib:
"Əgər Aleksander İsak 150 milyon avro edirsə, o zaman Harri Keynin dəyəri 250 milyon avrodur."


