"Sabah" basketbol klubu bu axşam FIBA Çempionlar Liqasında ilk oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, görüşdən əvvəl "bayquşlar"ın baş məşqçisi Rimas Kurtinaytis və oyunçusu Hassani Qravett görüşlə bağlı fikirlərini bildirib:

Litvalı mütəxəssis oyuna çox yaxşı hazırlaşdıqlarını bildirib:

"Zəngin avrokubok təcrübəsinə, böyük ənənəyə malik komandadır. Oturuşmuş sistemləri var. Müntəzəm mövsümdə debütant olsaq da, oyuna çox yaxşı hazırlaşmışıq. Məşqlərdə düşündüklərimizi oyunda reallaşdıra bilsək, uğurlu nəticə qazana bilərik".

"Sabah"ın oyunçusu Hassani Qravett isə Çempionlar Liqasındakı ilk matçı səbirsizliklə gözlədiyini söyləyib:

"Komandada atmosfer çox yüksək səviyyədədir. Düşünürəm ki, oyun planında aqressiv olmalıyıq. Çox böyük istəklə mübarizə aparmalıyıq. Motivasiyamız yüksəkdir. Bir sözlə, bütün diqqətimiz oyuna yönəlib".

Qeyd edək ki, Çexiyada keçiriləcək "Nimburk" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.