Basketbol üzrə Azərbaycan çempionatının 1/4 final mərhələsində “Ordu” komandası ağır məğlubiyyət alaraq mübarizəni dayandırıb.

Offsideplus.az xəbər verir ki, komanda “Neftçi”yə 54:88 hesabı ilə uduzub və yarımfinal şansını itirib. Oyundan sonra “Ordu”nun baş məşqçisi Alberto Blanko açıqlama verib. O, rəqibi təbrik etməklə yanaşı, komandasının zəif çıxışını da etiraf edib:

“İlk öncə “Neftçi” komandasını gözəl oyun və qələbə münasibəti ilə təbrik edirəm. Biz bu gün mövsümün ən bərbad oyununu oynadıq. Meydanda bütün komponentlərdə rəqibə uduzduq".

Blanko həmçinin ilk matçın nəticəsinə də toxunub:

“Əslində ilk matçın da 3-cü hissəsində belə oynayaraq qalibiyyət şansını itirmişdik".

İspaniyalı mütəxəssis mövsüm ərzində göstərilən əməyi də qiymətləndirməyi unutmayıb:

“Sadəcə olaraq bu mövsüm ərzində işini layiqincə görən klubun bütün oyunçularına və texniki heyətinə təşəkkür edirəm".