Basketbol üzrə Azərbaycan çempionatında tarix yazan “Neftçi” komandası ilk dəfə olaraq liqanın yarımfinal mərhələsinə yüksəlib.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi 1/4 final mərhələsində “Ordu” üzərində inamlı qələbə qazanıb – 88:54.

Matçdan sonra “Neftçi”nin baş məşqçisi Davit Çivçivadze açıqlama verib:

“Öncə komandamı təbrik edirəm! İlk dəfədir ki, liqanın yarımfinalına yüksəlirik. Bu bizim üçün əladır. Bundan əvvəlki oyunda hücum və müdafiədə bəzi səhvlər var idi. Ancaq hazırlıq üçün cəmi iki günümüz olsa da, biz bu səhvləri düzəltdik".

Gürcü mütəxəssis oyunçularının əzmkarlığından razı qaldığını bildirib:

“Mən oyunçularımla fəxr edirəm. Çox böyük iş gördülər. Rəqib komandanı 54 xalda saxladıq və “Ordu” kimi perimetrik basketbol oynayan komandaya qarşı bu nəticə çox gözəl göstəricidir".

Çivçivadze sonda yarımfinalla bağlı da fikirlərini bölüşüb:

“Yarımfinala hazırlaşacağıq. Rəqibin kim olmasından asılı olmayaraq, ən güclü tərəfimizi göstərməyə çalışacağıq".