Azərbaycan Kubokunun 1/8 finalında "Neftçi" "Sumqayıt"ın qonağı olub. 

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" rəqib üzərində 103:90 hesablı qələbə qazanıb. Beləliklə, "Neftçi" 1/4 finalda "Sabah"a rəqib olub. 

Bakı klubunun məşqçisi Daviti Çivçivadzenin fikirlərini təqdim edirik:

"Çox vacib oyun idi və biz də yaxşı hazırlaşmışdıq. Bildiyiniz kimi,  kubok oyunlarının qaydaları da fərqlidi. Ancaq bütün bunlara baxmayaraq, biz oyuna tam hazır idik və qarşılaşmada 30 assistimiz oldu. Mən bunu hər zaman idmançılara xüsusi vurğulamışam ki, assist çox olanda xal da çox olur. Odur ki, bugünkü oyunda 103 xall yığdıq. Bu görüşdə bir daha sübut etdik ki, hücumda, əsasən də müdafiədə çox güclüyük və oyun ərzində bunun nəticəsini gördük. Növbəti çempionat oyunu da bizim üçün çox vacibdir. NTD ilə oyunumuz var və bu görüşə hazırlaşacağıq. Qələbə münasibətilə öz komandamı və sevincimizə şərik olan hər kəsi təbrik edirəm!"

"Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın isə oyunu belə şərh edib:

"Əvvəlcə, "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Oyun planlaşdırdığımız kimi getmədi. Prinsip etibarilə, layiqli mübarizə apardıq. Oyunun müəyyən hissəsində "Neftçi" fərqi artırdı və sonadək bu fərq aşağı-yuxarı eyni qaldı. Bizdə rotasiya ilə bağlı problemlər var. Hərçənd rəqibin ehtiyat oyunçular skamyası isə genişdir. Onların heyətində Amil Həmzəyevlə Kamran Məmmədovun çıxış nəticəyə təsir göstərdi. Bizdə də uşaqlar çalışdı, sadəcə sonluğu gətirə bilmədik".