Amerika Basketbol Liqası (NBA) All-Star 2025 tədbiri çərçivəsində keçirilən "dunk" yarışmasını, "Orlando Magic" komandasında çıxış edən oyunçusu Mak Makklunq qazandı.

Offsideplus.az xəbər verir ki, ABŞ-ın San-Fransisko şəhərindəki "Chase Center"də təşkil olunan tədbirin ikinci günündə bacarıq, üçlük və "dunk" yarışmaları keçirildi.

Nəticəsi maraqla gözlənilən "dunk" yarışmasında Mak Makklunq ("Osceola Magic"), Matas Buzelis ("Chicago Bulls"), Stefon Kasl ("San Antonio Spurs") və Andre Cekson Jr ("Milwaukee Bucks") mübarizə apardılar.

Kasl ilə birlikdə finala yüksələn Makklunq, bütün "dunk"-larına görə 50 tam bal topladı. 360 dərəcə dönmə, "Cleveland Cavaliers" komandasının mərkəz oyunçusu Evan Mobli-nin üzərindən və avtomobilin üstündən atlayaraq etdiyi möhtəşəm "dunk"-larla Makklunq, yarışmanın qalibi oldu.

Makklunq, NBA tarixində "dunk" yarışmasını ardıcıl 3 dəfə qazanan ilk basketbolçu kimi tarixə keçdi.

Üçlük yarışmasının finalında, 2020-ci ilin çempionu Baddi Hild ("Golden State Warriors"), Tayler Herro ("Miami Heat") və Darius Qarland ("Cleveland Cavaliers") qarşılaşdılar.

Son iki ilin qalibi Demian Lillard ("Milwaukee Bucks") ilk turda mübarizəni dayandırdığı yarışmanın finalında 24 xal toplayan Herro, rəqiblərini geridə qoyaraq ilk çempionluğunu əldə etdi.

Bacarıq yarışmasını isə Donovan Mitçell və Evan Mobli-dən ibarət "Cavaliers" komandası qazandı. Yarışmada Kris Pol və Viktor Vembanyama cütlüyü ("Spurs" komandası), vaxt qazanmaq üçün topları təsadüfi atdıqları üçün diskvalifikasiya edildilər.