Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun növbəti qarşılaşmaları bu gün baş tutacaq.
Offsideplus.az xəbər verir ki, gün ərzində azarkeşlər üç maraqlı matçın şahidi olacaqlar.
Kişilərin çempionatında "Azərreyl" kollektivi "Xilasedici" komandası ilə qarşılaşacaq. Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında təşkil olunacaq bu görüş saat 17:00-da başlayacaq.
Qadın voleybolçuların yarışında isə iki oyun nəzərdə tutulub. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək matçlarda saat 16:00-da "Azərreyl" "Gənclər" kollektivini, saat 18:00-da isə "DH Volley" "Milli Aviasiya Akademiyası"nı sınağa çəkəcək.


