Azərbaycan Basketbol Liqasında XII turun ən yaxşı basketbolçusu açıqlanıb.
Offsideplus.az xəbər verir ki, NTD komandasının üzvü Detrek Brouninq “Azbasketbol” tərəfindən turun oyunçusu seçilib. O, 29 xal, 8 ribaund və 7 assistlə yadda qalıb. Amerikalı basketbolçu saytımıza açıqlamasında fikirlərini bölüşdü. Turun Basketbolçusu belə dedi:
“Bəli, turun ən yaxşı basketbolçusu seçildiyim üçün həyəcanlıyam. Mən NTD-nin ciddi komanda olduğunu göstərməyə çalışıram. Biz göstərmək istəyirik ki, liqanın ən güclü klublarına qalib gəlmək potensialına sahibik. Mən yaxşı nəticələr əldə edə bilirəm, çünki əla komanda yoldaşlarım və mənə güvənən böyük bir məşqçi heyətim var. Komanda yoldaşlarım və məşqçi heyətim olmadan heç bir uğur qazana bilməzdim.”
Gələcək oyunlar və çempionat barədə danışan Brouninq bunları əlavə etdi:
“Qarşıdakı oyunlarla bağlı fikrim budur ki, hər bir matça eyni ciddiyyətlə yanaşacağıq. Liqadakı bütün komandalara çətin rəqib olduğumuzu sübut edəcəyik. Həmçinin, NTD-yə qarşı oynamaq çətin bir oyun anlamına gəldiyini göstərmək istəyirik. Liqanın getdikcə gücləndiyini hiss edirəm və sadəcə basketbol oynamaqdan böyük zövq alıram. Basketbol oynamaq mənim üçün xoşbəxtlikdir. NTD-nin məni seçdiyi üçün çox minnətdaram. Mən bu liqada yaxşı bir oyunçu olduğumu göstərmək istəyirəm. Burada olmaqdan və bu təcrübəni yaşamaqdan çox xoşbəxtəm.”