"Qarabağ" Azərbaycan Kubokunun yarımfinal mərhələsində iki oyunun nəticəsinə görə, "Sabah"a məğlub olaraq mübarizəni dayandırıb.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, görüşün sonlarındakı epizodun penalti olduğunu düşünür:

"Topun ələ dəydiyini görmək olurdu. Rəhim Həsənov yəqin açıqlama verəcək. Belə epizodun son saniyələrdə olması mübahisələri lap artırır. Bəzən mən belə fikirlər deyəndə bildirirlər ki, rəqibin qələbəsinə kölgə salır, qətiyyən yox. “Sabah” qələbəyə layiq idi. Hesab bərabərləşsəydi də yenə 10 nəfərlə oynayacaqdıq. Daha 30 dəqiqə oynamaq üçün əlavə güc lazım idi".

Təcrübəli mütəxəssis mövsümü titulsuz başa vurmaq ehtimallarına isə belə münasibət bildirib:

"Dünya futbolunda da belə hallar olur. Çempionlar Liqası bizi çox yordu, belə deyək, “suyumuz çıxdı”. Avropanın böyük klublarında da eyni situasiyadır. Bəlkə də Premyer Liqaya yaxşı köklənə bilmədik, fikrimizi Çempionlar Liqasına yönəltmişdik. Sir Aleks Ferqyusonun sözü var, komandanın zirvədə qalması 3-4 il olur; biz şükürlər olsun, daha çox qaldıq. Futbolçular insandır, robot deyillər. İşin içindəyəm və çatışmayan şeyləri bilirəm. Ruhdan düşmürük, intriqa böyüyür və bu, ölkə futbolu üçün yaxşıdır. Azarkeşlərimiz üzülməsin; onlar yıxılanda da, qalxanda da yanımızda olublar. Belə oyunlar həmişə ailəni möhkəmləndirir".