Rusiyanın Rubin futbol klubu avrokuboklardan kənarlaşdırılıb.
Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Kazan təmsilçisi növbəti iki mövsümdə Avropa futbol qurumunun bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməyəcək.
Tatarıstan komandası 2014-cü ildə maliyyə şəffaflığına riayət etmədiyi üçün sanksiya ilə üzləşib. Reqlamentə əsasən, cəza alan klub sınaq müddətində tam şəkildə maliyyə “fair play” qaydalarına əməl etməlidir. “Rubin” isə 2017/2018 mövsümündə öhdəliklərini düzgün yerinə yetirməyib.
Klub UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququna malikdir.