"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda üzləşəcəkləri "Olimpik Lion"la oyun barədə fikirlərini bildirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli çalışdırıcı oyunöncəsi mətbuat konfransında Fransa təmsilçisinə hazırlığı belə dəyərləndirib:
"Vacib oyundur, pis hazırlaşmamışıq. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək və uğurlu çıxış edək. Rəqibin heyətinə baxmışıq. Çox keyfiyyətli komandaya qarşı oynayacağıq. Özümüzlə bağlı müəyyən sual doğuran məsələlər var. Böhran oldu-olmadı, istənilən komandaya qarşı hazırlaşırıq. Bu cür klubların maliyyə böhranının yoluna qoyulmasında problem görmürəm. Böyük klublarda da böhran olur. Məncə, belə fikirlərdən uzaq olmaq lazımdır.
Hər komandanın üstün cəhətləri var. Bəzi detallar baxımından belə rəqiblərə qarşı diqqətli olmalıyıq. Hücum planımızda əlavə fikirlər ola bilər. Bu, oyunun gedişatından asılı olacaq. Bir rəqib haqqında çox məlumat verməyi xoşlamıram. Ən böyük gücümüz kollektiv oyuna üstünlük verməkdir. "Olimpik Lion" bizdən üstün görünür, daha böyük klubdur. Amma bizim də Avropada böyük təcrübəmiz var. Bundan istifadə etməyə çalışacağıq".
Qurban Qurbanov komandanın zədəli futbolçuları Marko Veşoviçlə Mateus Silvanın durumları barədə də danışıb:
"Onların vəziyyətləri qənaətbəxşdir. Ancaq sabah qəti qərar verəcəyik. Bugünkü durumlarından razıyam".
Xatırladaq ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Olimpik Lion" görüşü saat 21:45-də start götürəcək.